.
.

Posts Tagged ‘Cabir Novruzun şerləri’

MƏN NECƏ YAŞAYIM ÖLÜ GÜNLƏRİ



Sən məni təkliyin aldın əlindən,
Təzədən təkliyə düçar eylədin.
Özün kövrəkliyin alıb əlindən,
Özün kövrəkliyə düçar eylədin…

Ömrümün, günümün bu qürub çağı,
Ruhumda baharı göyərdə bildin.
Könlümdə qaralan odu, ocağı,
Təzədən yandırıb közərdə bildin.

Təzədən açıldı qolum, qanadım,
Təzədən od saldım sənin odundan.
Hətta saçlarıma məhəl qoymadım,
Hətta yaş həddi də çıxdı yadımdan.

Qələmi, dəftəri qoydum bir yana,
Az qala ilhamı yaddan çıxartdım.
Səpdim günlərimi ayaqlarına,
Adınla oyandım, adınla yatdım…

Demə bu məhəbbət, demə bu sevgi,
Ötəri hiss imiş, ötəri həvəs.
Yox imiş təməli, yox imiş kökü,
Dəyəri bir qara qəpiyə dəyməz.

Özün bu sevdaya sövq etdin mni,
Sonra öz əlinlə özün dağıtdın,
Özün hicrana öyrətdin məni,
Özün bu kitabı açdın, bağladın.

Özün də axırda dandın sözünü,
O andlar, amanlar de, harda qaldı?
Sən gəldin, yollardan çəkdim gözümü,
Sən getdin, gözlərim yollarda qaldı…

Yenə də tuş oldum qəmə əzizim,
Soldu bağçalarım, soldu bağlarım.
Tənhalıq ölümmüş demə, əzizim,
Mən necə yaşayım ölü günləri?!
1999

İNANA BİLMİRƏM



İllərim ötüşür karvanlar təki,
Gah səhər görürəm, gah da ki, axşam.
İnana bilmirəm, gün gələcək ki,
Mən də bu dünyada olmayacağam.
Onlarla tanışlar ötürmüşəm mən,
Çiynimə tabutlar götürmüşəm mən.
Nə qədər adamı dəfn eləmişəm,
Bacımı, atamı dəfn eləmişəm.
Yüz yol alışmışam, odlanmışam mən,
Fəxri qarovulda dayanmışam mən,
Nə qədər ömürlər suala dönüb,
Körpələr yox olub xəyala dönüb.
Bir göz qırpımında itib tanışlar,
Sağımdan, solumdan gedib tanışlar.
Hey ürəyim qəmli, hey qanım qara,
Baxmışam sahilsiz qəbiristanlara.
Ulduzlar sanında məzar görmüşəm,
Yenə də özümü ölməz bilmişəm,
Heç inanmamışam gün gələcək ki,
Mən də köçəcəyəm milyonlar təki.
Belə qurulsa da bəşər, kainat,
Gözüm görə-görə, hər gün, hər saat.
Min ömür çatsa da sona – insanlar,
İnana bilmirəm buna – insanlar.
Sanıram üstümə ölüm gələndə,
O, mənim köksümü söküb dələndə
Hər cürə davadan, dərmandan əvvəl.
Hər cürə həkimdən, loğmandan əvvəl,
Öz sevgiləriylə, istəkləriylə.
Mənə “Ata! Ata!” deməkləriylə,
Öz baxışlarıyla, öz səsləriylə,
Öz isti, mehriban nəfəsləriylə,
Məni balalarım sağaldacaqlar,
Ölüm zülmətindən çıxaradacaqlar.
Sanıram o çətin anımda mənim,
Dostlarım dayansa yanımda mənim,
Sorsalar: “Necəsən?” o əzizlərim,
Təzədən yanacaq sönən gözlərim.
Onlar əllərimdən yapışan kimi,
Durub gəzəcəyəmm bir cavan kimi,
Mənə elə gəlir ən son nəfəsdə,
O cəllad duranda başımın üstə,
Sözlərim meydana girib ər kimi,
Çarpışıb, vuruşub iyidlər kimi,
Gücünü, əzmini bildirəcəklər,
O qara kabusu öldürəcəklər.
Mənə elə gəlir ölüm gələndə
Bir haray düşəcək o doğma kəndə,
Eşidib, bilənlər yüyürəcəklər,
Onu boğazlayıb sürüyəcəklər.
Mənim küləklərim tüğyan edəcək,
Mənim çiçəklərim üsyan edəcək,
Mənim qartallarım millənəcəklər,
Mənim laylalarım dillənəcəklər,
Çəpərə dönəcək bənövşələrim,
Qalxacaq ayağa göy meşələrim,
Adamlar, qartallar, qayalar, dağlar,
Məni bu həyata qaytaracaqlar.
Mənə elə gəlir, varlığım, canım,
Loğmanlar loğmanı Azərbaycanım,
Ürəyi istəsə – diriləcəyəm,
Mənə oğul desə, diriləcəyəm…
İllərim ötüşür karvanlar təki,
Gah səhər görürəm, gah da ki, axşam.
İnana bilmirəm gün gələcək ki,
Mən də bu dünyada olmayacağam.
Belə qurulsa da bəşər, kainat,
Gözüm görə-görə hər gün, hər saat,
Min ömür çatsa da sona, insanlar!
İnana bilmirəm buna, insanlar!

MƏNİM ÖLMƏZ ŞERLƏRİM



Xoş gəlmisiz bu dünyaya, balalarım,
Sevinclərim, əzablarım, bəlalarım.
Siz gəldiniz, bilirsiniz neylədiniz?
Oğul idim, məni ata eylədiniz.
Qəşənglərim, kifirlərim, keçəllərim,
Fərman verib
Anama da nənə adı
bəxş eyləyən dəcəllərim.
Aşıb-daşdı evimizdə gülüşünüz,
Bilirsizmi nələr etdi gəlişiniz?
Gəlişiniz qələm çəkdi dincliyimə,
Gəlişiniz nöqtə qoydu gəncliyimə.
Siz gəldiniz, öz-özümü unutdum mən,
Siz gəldiniz, “mən” sözünü unutdum mən.
Hara getsəm indi sizi düşünürəm,
Hələ xırda, hələ qısa ömrünüzü düşünürəm.
Hara getsəm sizin üçün dən yığıram,
Nə dən yığsam üçünüzə tən yığıram.
Düşünürəm bu Müşfiqin, bu Vüqarın, bu
Mirzənin,
Bircə kərə demirəm ki, bu da mənim.
Anam deyir: -Heç özünə baxmayırsan, oğul,
tamam,
Vallah, sənə özüm paltar alasıyam.
Nə eləsin axı anam,
Onlar mənim balamdırsa,
Mən də onun balasıyam.
Çiçəksiniz, həyatımla bitirmişəm,
Bu dünyaya mən üç insan gətirmişəm,
Milyonların qabağında cavabdehəm
onlar üçün,
İstəyirəm şer deyəm onlar üçün.
Oxusunlar ağılları kəsən zaman,
Öz oğlundan, öz qızından küsən zaman.
Salam mənim Mirzələrim, Vüqarlarım,
Müşfiqlərim,
Evimizin çıraqları – işıqlarım.
Siz ölməzlik abidəsi,
Əsrlərə gedib çatan ata səsi.
Sizin üçün gündüz əsib, gecə əsib,
Soyuqları, istiləri dilim ilə yalamışam.
Sözlərimin mən boyundan min yol kəsib,
Sizin xırda boyunuza calamışam.
Arzularım, əməllərim,
Mənə oxşar diri sözlü, diri gözlü
heykəllərim.
Yuxunuzdan duran zaman gecələri
İtirirəm sətirləri, hecaları,
dil-dil ötən ilhamım da dildən düşür,
Qoca nənə, cavan ana əldən düşür.
Mirzə, Vüqar qoymur məni ürəyimə qulaq
asam,
Kiçik Müşfiq istəmir ki, şer yazam,
Kim deyim bu dərdimi,
Böyük Müşfiq sağ olsaydı bu halıma
dözərdimi?!
Sizin üçün qənd alaram, bal alaram,
Min arzumu, istəyimi qanadaram.
Sizi, əziz balalarım,
Sətir-sətir böyüdürəm,
Misra-misra yaradıram.
Sevinclərim, əzablarım,
Yüz-yüz susan, yazılmayan şerlərə
cavablarım.
Vaxt olub ki, dediyimdən dönməmişəm -
sizin üçün!
Vaxt olub ki, vəzifəli bir alçağın
Qabağında dinməmişəm sizin üçün!
Bax, bu ata əllərimlə toyunuzu edəcəyəm,
Bu dünyaya verib sizi,
Sonra sakit,
Sonra rahat, bu dünyadan gedəcəyəm.
Belə ömür mənə xoşdur.
Öz səhvini görməyənlər,
Heç nə yaza bilməyənlər
Məndən sonra desələr ki, az yazmışdır,
Onda çıxın ortalığa,
Ömrüm boyu yaratdığım şerlərim -
işıqlarım.
Onda çıxın ortalığa,
Mirzələrim, Vüqarlarım, Müşfiqlərim!

1965

FÜZULİ

FÜZULİ

Şair öz yurdundan uzaqda öldü,
Öldü, bir balaca otaqda öldü.
Göz yumub yuxuya daldı Füzuli,
Vətən arzusuna çata bilmədi.
Fəqət bu xəbərdən obası, eli
İllərlə göz yumub yata bilmədi.
Onu tapşırdılar zülmət məzara,
Bütün Azərbaycan saraldı, soldu.
Gəncə başdan-başa geyindi qara,
Kəpəzin, Şah dağın gözləri doldu.
Körpə uşaq kimi tutuldu Xəzər,
Səma da ağladı, yer də ağladı.
Bakı uyumadı, mehriban şəhər,
Şirvan yasa batdı, Bərdə ağladı.
O vaxt doğma yurdu dolandı bu söz,
Dedi çöllərimiz, çəmənlərimiz,
Dedi könül verib, sevənlərimiz,
Ellərin sədası düşdü hər yana:
Gətirin şairi Azərbaycana!
Dedilər nə vaxtdır həsrətik ona:
Gətirin şairi Azərbaycana!

Uçdu Kərbəlaya xəyal atımız,
Keçdi ocağımız, söndü odumuz.
Yanıb nalə çəkdi muğamatımız,
Tellərin sədası düşdü hər yana:
Gətirin şairi Azərbaycana!

Ana torpağımız dindi insantək:
Məzarı qoynumda qazılsın gərək,
Şöhrəti alnıma yazılsın gərək,
Qoymayın ürəyim od tutub yana,
Gətirin oğlumu Azərbaycana!

Bütün söz qoşanlar, bütün əsərlər,
Nəğmələr, qoşmalar, sözlər, qəzəllər.
Füzuli şerinin şahı – gözəllər
Dedilər nə vaxtdır həsrətik ona,
Gətirin şairi Azərbaycana!

Neçə zaman görmüş sarvanlarımız,
Neçə zınqırovlu karvanlarımız.
Qoca Kərbəlaya yol açdı o gün.
Kim bilir onların başı nə çəkdi?
O vaxt Kərbəlaya yetişmək üçün
Günü əzab dolu aylar gərəkdi.
Uyudu ərəblər torpağında o,Nə etmək, o zaman, başqa zamandı.
Dərdli həyatının son çağında o,
Görən nə düşündü, görən nə andı?
O, bəlkə son dəfə nəfəs çəkəndə
Düşündü alnında, qəlbində qübar:
Böyük Nizamiylə doğma Vətəndə
Kaş məni yan-yana basdıraydılar!
Yada qismət oldu şöhrətim, şanım,
Sinəmdə dərdimdir, uca dağımdır?!
Bəlkə də düşündü: Azərbaycanım
Məni öz şairi sayacaqmıdır?
Şair öz yurdundan uzaqda öldü,
Öldü, bir balaca otaqda öldü.

Füzuli, qəlbimin sözünü dinlə,
Danışmaq istəyir şerim səninlə.
Keçdi o əsrlər çənli, çisəkli,
Bu gün yurdumuzun iftixarısan.
Bu gün cavan ruhlu, cavan ürəkli
Qoca şerimizin bayraqdarısan.
Adını söyləyir gül də, çiçək də
Şöhrətin yayılıb indi hər yana.
Şair, məzarını gətirməsək də,
Özünü gətirdik Azərbaycana!

1958

MƏNİM ÜRƏYİM

MƏNİM ÜRƏYİM

Dünyada nə olsa ürəyimdədir,
Bir insan sevinsə, bir gül açılsa,
Bir ömür məhv olsa, bir ev uçulsa,
Bir güllə atılsa ürəyimdədir.
Qəlbimin minlərlə guşələri var,
Bütün yer üzərində rişələri var,
O dostdur əzəldən çiçəklə, qarla,
Orda dağ ucalır, meşə uyuyur.
Mənim ürəyimdə payız baharla,
Nifrət məhəbbətlə qoşa uyuyur.
Orda milyonların dərdi, istəyi,
Silah bazaları, körpələr evi,
Hicran saatları, görüş anları,
Bütün sevgilərin meridianları,
Mənim ürəyimi mərkəz seçirlər.
Mənim ürəyimdən gəlib keçirlər.
Sakit okeana atılan atom,
Min insan səsini batıran atom,
Yandırıb sinəmi deşdi ilk dəfə,
Mənim ürəyimə düşdü ilk dəfə.
Daim sevgi deyir, məhəbbət deyir,
Nurunu axıdır ürəyim mənim.
Sanki yumruq boyda yumşaq ət deyil,
Dünyanın oxudur ürəyim mənim.
Onun göyləri var dərindən-dərin,
Hisslər tufanıdır, hisslər mehidir,
Bütün dahilərin, sərkərdələrin,
Sevgidən tökülmüş movzeleyidir.
Onun min axarı, min baxarı var,
Əks edir torpağın, göyün səsini,
Onun radio tək dalğaları var,
Tutur yer üzünün hər nöqtəsini.
İnsanlar sevinsə, gülsə, çağlasa,
Coşar Kür ürəyim, Volqa ürəyim,
Kim isə, hardasa, dolsa, ağlasa,
Tutar fəryadını dalğa ürəyim.
Kasıb ürəyimin dalğalarında,
Cənab ürəyimin dalğalarında,
Şimal ürəyimin dalğalarında,
Cənub ürəyimin dalğalarında,
Orda atomların gurultuları,
Orda sevənlərin pıçıltıları,
Neçə igid səsi, ər səsidir o,
Bəşərin mənəvi mərkəzidir o.
O canlı, duyğulu insan kimidir,
Vardır həm sevinci, həm kədəri də,
Ürəyim bir teleekran kimidir,
Göstərir ən xırda ölkələri də.
Hər an, hər saniyə görünür orda,
Raketlər qəlbimin ekranlarında.
Buketlər qəlbimin ekranlarında,
Yurdsuzlar qəlbimin ekranlarında.
Böyük planeti hifs eləyir o,
Harda nə olursa, hiss eləyir o.
Köksümü dünyaya çevirirəm mən,
Ürəyə bənzəyir, cahan deyirlər.
Bununçun sevirəm, sevinirəm mən,
Bununçun adıma insan deyirlər.

1964

YUXUMDA O TAYA KEÇDİM BU GECƏ

Yuxumda o taya keçdim bu gecə,
Sandım ki, sevincim göylərlə təndir.
Yuxumda o taya keçdim bu gecə,
Gördüm ki, sərhədlər pərən-pərəndir.

Cızıqlar üstündə açmış çiçəklər,
Məftillər ayrılıb küsüşmüşdülər.
Bir vaxt lovğalanan dəmir dirəklər,
İndi yetim kimi büzüşmüşdülər.

Azad dolaşırdı çiçək də, gül də,
Yas tutub ağlayan göz qalmamışdı.
Kədərdən, möhnətdən bu doğma yerdə,
Əsər qalmamışdı, iz qalmamışdı.

Sevinc dolaşırdı torpağı, daşı,
Qüssə uzaq qaçır, kənardan gedir.
Lövhələr deyirdi hər addımbaşı:
Təbrizə, Mərəndə yol hardan gedir.

Bu yuxu nə yaxşı mənə tuş oldu,
O min həqiqətdən dadlı deyilmi?
Yarım insan oldu, yarım quş oldu,
Uçdum düz Bakıdan Təbrizə kimi.

Ürək ayrılmadı öz istəyindən,
Sevincim hicranın bağrın dəlirdi.
Təbriz, hər daşından, hər kəsəyindən,
Doğma Azərbaycan ətri gəlirdi!

Sözlər Azərbaycan sözləri idi,
Gözlər Azərbaycan gözləri idi.

Könlümü oxşadı hər ev, hər dalan,
Uşaq da, böyük də, gənc də, qarı da.
Sandım ki, Təbrizin bu saat, bu an,
Bakı səmasıdır səmaları da.

Hər şey öz ruhumuz, öz dəbimizcə,
Şerlər dinirdi öz təbimizcə.
Körpələr bizimcə ana deyirdi,
Qızlar azəricə gülümsəyirdi.

Qərib saymadılar Təbrizdə məni,
Deyin, qərib idim Təbrizdə yəni?!
Təbriz… alçaq evlər, enli küçələr,
Bir-bir gözlərimdən gəlib sovuşdu.

Hələ yaxınlaşıb mənə bir nəfər:
- Filan yer hardadır?- ünvan soruşdu.
Qoy deyim yuxumda sonra nə gördüm,
Şirin, unudulmaz bir səhnə gördüm.

Gördüm ki, bu taydan o taya düşdüm,
Aşıqlı, nəğməli bir toya düşdüm.
Burda saymadılar özgəsi məni,
Doyunca oynatdı toy yiyəsi məni.

Sonra aşıq qardaş dastan başladı,
Sözü üç vəfalı dostdan başladı.
Astaca-astaca dedi hərdən o,
Qanımdan yaranan nəğmələrdən o.

Gah bahar dil açdı, gah yay dil açdı.
O tayın diliylə bu tay dil açdı.
Sonra bir-birinə qarışdı taylar,
Görüşdü, öpüşdü, barışdı taylar.

Günün şəfəqləri yayılan zaman,
Bu şirin yuxudan ayılan zaman,
Gördüm nə toydayam, nə Təbrizdəyəm,
Gördüm bu taydakı evimizdəyəm.

Yox idi o məclis, yox idi aşıq,
Sən demə, xəyalıdı, yuxuydu aşıq.
Dərin fikirlərə cumdum, olmadı,Min yol gözlərimi yumdum, olmadı.

Yuxumda o taya keçdim bu gecə,
Kaş ondan, kaş ondan ayrılmayaydım.
Yuxumda o taya keçdim bu gecə,
Kaş ondan heç zaman ayrılmayaydım.

MƏNİMÇİN

Şer qürbət ellərdə mənimlə birgə
addımlayan dostum Yəhya Məmmədova müraciətlə yazılmışdır.

Sən onsuz da əziz idin yad eldə,
Ən qiymətli bir insansan mənimçin.
Sən onsuz da əvəzsizdin, yad eldə,
Doğma göysən, asimansan mənimçin.

Bu qürbətdə milyonların içində,
İşığımsan, dumanların içində,
Arzuların, gümanların içində,
Sən yeganə bir gümansan, mənimçin.

Həsrət gücü dizlərimi qatlayıb,
Bir nəğmə de, vallah bağrım çatlayır.
Necə edim, okenlar adlayım,
Bir tədbir tök, olsun asan mənimçin.

Torpağımın tikanına qurbanam,
Ən gərəksiz insanına qurbanam,
Günəşinə, dumanına qurbanam,
Kainatdır Azərbaycan mənimçin.

Sənsən şerim, sənsən dilim yad eldə,
Sən də gül ki, mən də gülüm yad eldə.
Əgər gəlsə qəfil ölüm yad eldə,
Elə bircə sən yanansan mənimçin.

Ürəyimdir gizli-gizli ağlayan,
Bu Londanda sənsən məni saxlayan,
Sənsən məni yerə-göyə bağlayan,
Həm mələksən, həm inamsan mənimçin.

Uzaq getmə, mənim ilə addımla,
Qəriblikdir danışmayır adamla.
Sən bu saat familinlə, adınla,
Vətən adlı bir imansan mənimçin.

SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA…

Bir arzum var, ay adamlar,
qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.
Yalnız, yalnız sağ olanda,
Hər kəs əsl qiymətini bilər onda;
Bu sözlərim düz olmasa
töhmət edin.
Sizdən rica eləyirəm milyon kərə,
Şairlərə sağlığında hörmət edin,
Sağlığında heykəl qoyun ölməzlərə…
Gələcəyə çox da ümid bağlamayın,
Sözünüzü sonralara saxlamayın.
Zəhləm gedir sonralardan,
Vaxtsız dinən zurnalardan,
Boşboğazdan, avaradan,
Toydan sonra nağaradan.
Sağlığında sevindirin təmizləri,
Siz həyatda bu amalla addımlayın.
Sağlığında ifşa edin xəbisləri,
Satqınlara sağlığında satqın deyin,
Tülkü deyin tülkülərə,
aslan deyin aslanlara;
Sağlığında qiymət verin insanlara…
Hər kəs bilsin öz yerini
necə sağdır,
Bu, pislərin həyatını qısaltmaqdır,
Yaxşıların həyatını uzatmaqdır…
Bu nədəndir ölən kimi, qəlbimizdə
Adamlara sevgi, hörmət aşıb-daşır.
Ölən kimi yaxşılar da yaxşılaşır,
Yamanlar da yaxşılaşır…
Çirkinlər də təmiz olur ölən kimi…
Yadlar belə əziz olur ölən kimi…
Xatirələr söyləyirik,
nekroloqlar qollayırıq,
Hamısını ucdantutma yaxşı deyib
o dünyaya yollayırıq.
Bu gecikmiş xeyir-dua kimə gərək?
Bundan məzar böyüyəcək,
ya ölənmi diriləcək?
Xoşum gəlmir
bu köhnəlmiş adətlərdən,
xoşum gəlmir…
Bu sərdaba sevgilərdən,
hörmətlərdən xoşum gəlmir.
İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,
Bir an ömrü milyon qızıl ölüm gələ,
dəyişmərəm…
Diri üçün iynə boyda hörməti mən
Ölü üçün min heykələ dəyişmərəm…
Düz deməsəm, onda məni bağışlayın,
Üz tutaram uşaqlara,
qocalara, cavanlara,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara…

EŞQ, MƏHƏBBƏT YAŞAYIRSAN…

Nə zaman ki, rast gəlirəm bir-bir qoşa gəzənlərə,
Bir-biriyçin yerdən çiçək, göydən ulduz üzənlərə,
Sevgi üçün hər cəfaya, hər əzaba dözənlərə
Düşünürəm bu cahanda müqəddəslik yaşar hələ
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.

***

Qoca olsun, cavan olsun, zərrə qədər fərqi yoxdur,
Kim ki, tənha yaşayırsa ruhu yoxdur, qəlbi yoxdur.
Xilqət üçün eşqdən böyük himn yoxdur, şərqi yoxdur,
Kafiri də sevən olsa, açar, gözəlləşər hələ
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.

***

Onun üçün nə millət var, nə qanun var, nə sərhəd var,
Ayaqları sayalıdır, onda xeyir-bərəkət var.
O cahanda hökmransa ədalət var, hürriyyət var,
O yox isə müdrik şəxslər ləyaqətdən düşər hələ,
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.

***

Onun adı çəkiləndə Əsli, Kərəm yada düşür,
Leyli, Məcnun yada düşür, dərd-ələm yada düşür.
Füzuli tək yanar ürək, sirli aləm yada düşür,
Onu məğlub etməyiblər nə bir zülm, nə şər hələ,
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.

***

Onu nə var, nə də zinyət əvəz edir bu dünyada,
Nə bir sərvət, nə bir qüdrət əvəz edir bu dünyada.
Məhəbbəti, tək məhəbbət əvəz edir bu dünyada,
Ondan qeyri-dəyərsizdir min cür ləli-gövhər hələ,
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.

***

Sən ona can vermisənsə, verəcəkdir o sənə can,
Qanımızda, canımızda çağlayır o ölənəcən.
Axırıncı nəfəsəcən, əzrayılı görənəcən,
Bizlər gəldi-gedəriyik o əbədi yaşar hələ,
Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.

GECİKMİŞ MƏHƏBBƏT

Sən gizli gəlmisən ömrümə inan.
Bu gizli eşq ilə yaşayacağam
Dünyanın ən ağır yükü sayılan,
Gecikmiş məhəbbət daşıyacağam.
Sən mənim ömrümdə açan çiçəksən.
Onu ürəyimdə bəsləyəcəyəm.
Sən məni heç zaman görməyəcəksən
Mən səni hər zaman gözləyəcəyəm
Uzaqdan göz qoyub gözünə sənin
San ki görəcəyəm Allahımı mən.
Düşüb qarış – qarış izinə sənin
Əzbərləyəcəyəm yollarını mən
Səni zərə – zərə kəşf edəcəyəm
Səni milyon kərə kəşf edəcəyəm
Hər günü adınla başlayacağam
Hər günü adınla bitirəcəyəm.
Səni röyalarda oxşuyacağam
Səni xəyallarda itirəcəyəm.
Sən məni heç zaman duymuycaqsan
Mən bütün ömrünü izləyəcəyəm
Sən mənə məhəldə qoymayacaqsan
Mən səni həmişə səsləyəcəyəm.
Hər gün mənim üçün doğulacaqsan,
Hər gün mənim üçün yox olacaqsan,
Mənim sevincim də sən olacaqsan
Mənim kədərim də sən olacaqsan.
Mən sənin adına hər saat, hər an,
Qəlbimdə məktublar yollayacağam.
Sən heç vaxt fikrimdən çıxmayacaqsan,
Mən heç vaxt yadında qalmayacağam.
Beləcə həsrətlə qalacağam,
Keçib hər alovdan, keçib hər oddan,
Böyük əzabından şad olacağam,
Sən mənə həyatda ən doğma adam,
Mən sənə yaddan da yad olacağam,
Sən ömr edəcəksən ayrı adamla,
Mən kiməm, nəçiyəm bilmiyəcəksən
Bir gün bu dünyadan sənin adınla,
Köçüb gedəcəyəm bilmiyəcəksən…..